Azəri
Thursday 17th of October 2019
  179
  0
  0

Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.

Mümkündürsə, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in Qədir-Xumda oxuduğu xütbənin kamil mətnini bəyan edin.
Qısa cavab

Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in Qədir-Xumda buyurduğu xütbənin kamil mətni:

1. Allaha həmd-səna

Həmd-səna o Allaha məxsusdur ki, Öz yeganəliyində yüksək mərtəbəli, yeganə olmağında yaxındır. Öz qüdrət və səltənətində cəlalətli (şövkətli), Öz rüknlərində əzəmətlidir. Onun elmi hər bir şeyi əhatə etmişdir, halbuki Öz yerindədir; bütün məxluqları Özünün (yenilməz) qüdrət və bürhanı ilə hakimiyyəti altına almışdır.

Həmişə həmdə (tərifə) layiq görülmüşdür, həmişəlik də həmd-sənaya layiq görüləcəkdir. O əbədi əzəmət sahibidir. Başlayan da, sona çatdıran da Odur; hər bir işin qayıdacaq yeri Ona doğrudur.

Yüksəkliklərə qaldırılmışları (asimanları və fələkləri) yaradan, döşənilənləri (yeri) döşəyəndir. Asimanların və yerin yeganə hökmranıdır, pak-münəzzəh və təsbihə (hər növ eyb və nöqsandan uzaq bilinməyə) layiqdir. Mələklərin və Ruhun Pərvərdigarı, xəlq etdiyi hər bir şeyə mərhəmət və vücuda gətirdiyi hər bir şeyə lütf göstərəndir. Hər bir göz Onun nəzarəti altındadır, lakin gözlər Onu görə bilməz.

O, kərəm və helm sahibi olan Allahdır, Onun rəhməti hər bir şeyi əhatə etmişdir. Öz nemətləri ilə onların hamısına minnət qoymuşdur. İntiqam almağa, əzabına layiq olanlara əzab verməyə tələsmir.

Batinləri və sirləri, insanın qəlbindən keçənləri bilir, məxfi şeylər Ondan məxfi deyildir, məxfi şeylər Onun üçün səhvə düşməz. Hər bir şeyə əhatəlidir, hər bir şeyə qələbə çalmışdır, hər bir şeyə qüdrət və bacarığı vardır. Onun heç bir misli, tayı-bərabəri yoxdur, “şey” olmazdan qabaq onu vücuda gətirən Odur. Həmişə diridir, haqq-ədalət əsasındadır. İzzətli və hikmət sahibi olan Allahdan başqa (pərəstişə layiq və yenilməz qüdrət sahibi ola biləcək) heç bir məbud yoxdur!

Gözlə görünə biləcəyindən çox-çox yüksək məqamlıdır, lakin O, gözləri görür; lütf və mərhəmət edəndir, hər bir şeyə agahdır. Heç kəs zahiri gözlərlə Onun sifətlərini dərk edə bilməz. Heç kəs sirli və aşkar şəkildə Onun necəliyini bilməz – yalnız Allahın hidayət etdiyi şeylərdən başqa.

Şəhadət verirəm: O elə bir Allahdır ki, qüds (müqəddəslik), paklıq və pakizəliyi bütün ruzigarı (aləmi) doldurmuş, Onun nuru əbədiyyəti əhatə etmişdir. Öz əmr, fərman və göstərişlərini bir kəslə məşvərət etmədən icra edir, Onun təqdirində heç bir şəriki yoxdur, tədbirində köməyə ehtiyac duymur.

İcad etdiklərini heç bir nümunə, təsvir və misalı olmadan vücuda gətirmiş, xəlq etdiklərini bir kəsdən kömək almadan, zəhmətə düşmədən, fikir və çarəyə ehtiyac duymadan xəlq etmişdir. Onları icad etmiş, varlıqlar da vücuda gəlmişdir. Xəlq etdikdən sonra onlar da zahir olmuşlar. O elə bir Allahdır ki, Ondan başqa heç bir məbud yoxdur, Onun icad etdikləri möhkəm, işləri gözəldir. Zülm etməyən adil və kərəm sahibidir, işlərin hamısı Ona doğru qayıdır.

Şəhadət verirəm: O elə bir Allahdır ki, bütün şeylər Onun əzəməti müqabilində müti və hər şey Onun izzəti müqabilində zəlildir; hər bir şey Onun qüdrəti qarşısında təzimlə təslim olmuşdur, hər bir şey Onun übühhət və əzəməti müqabilində xazedir. Padşahların padşahı, fələkləri (kainatı) idarə edən, Günəşi və Ayı müsəxxər (müəyyən orbit üzrə ram) edəndir ki, hər bir şey Onun təyin etdiyi zaman əsasında hərəkətdədir. Gecəni gündüzə, gündüzü gecəyə çevirir və (bu ikisi) sürətlə bir-birinin ardınca gəlib-gedirlər. O Allah zorakılıq edən hər inadkarın əzəmətini sındıran, hər bir inadkar və itaətsiz şeytanı həlak edəndir.

Onun üçün heç bir zidd, Onun qarşısında müariz (Onunla qarşılaşa biləcək varlıq) yoxdur. Yeganə və ehtiyacsızdır. Bir kəsdən doğulmamış, (Özü də bir kəsi) doğmamışdır, Onun üçün heç bir tay-bərabər yoxdur. Yeganə Allah, əzəmətli Pərvərdigardır. Bir şeyi istəyir və onu əncam verir; iradə edir, sonra təqdir edir; bilir, sonra sayır; öldürür, sonra dirildir; fəqir edib sonra zənginləşdirir; ağladır və güldürür, yaxınladıb uzaqladır, məhrum edir və əta edir. (Həqiqi) padşahlıq və səltənət (yalnız) Ona məxsusdur, həmd-səna (yalnız) Onun üçündür. Xeyir işlər bütünlükdə Onun (qüdrət) əlindədir və O hər bir şeyə qadirdir.

Gecəni gündüzə, gündüzü gecəyə daxil edir. İzzət sahibi və bağışlayan Allahdan başqa heç bir məbud yoxdur. Duaları qəbul edən, həddindən artıq əta edib bağışlayan, nəfəsləri sayan, cinlərin və bəşərin Pərvərdigarıdır, heç bir iş Onun üçün çətin deyildir, fəryad edənlərin istəkləri Onu (yorub) bezdirməz; israr edənlərin israrı Onu yormaz. Salehləri qoruyub saxlayan, qurtuluşa çatanlara müvəffəqiyyət bəxş edən, möminlərin ixtiyar sahibi, aləmlərin Pərvərdigarıdır, elə bir Allahdır ki, xəlq etdiyi hər bir şeyə, hər bir halda Ona həmd-səna etmələri layiqdir.

Ona həddindən artıq həmd-səna deyir, daim şükür edirəm – istər asayişdə, istərsə də çətinliklərdə; istər şiddətli vəziyyətdə, istərsə də aramlıqda. Onun Özünə, mələklərinə, asimani kitablarına və peyğəmbərlərinə iman gətirmişəm. Onun əmrlərinə itaət edirəm, Onu razı edən şeylərdə itaət etməyə tələsirəm. Onun müqəddəratı qarşısında – itaət etməyə rəğbət və cəzasından qorxu ünvanı ilə təslim olmuşam. Çünki O elə bir Allahdır ki, Onun məkrindən amanda qalmaq olmaz, Onun zülm edəcəyindən də heç bir qorxumuz yoxdur (yəni heç vaxt zülm etməz).

2. Mühüm bir məsələyə dair ilahi fərman

Allaha bir bəndə ünvanı ilə Ona iqrar edir, Onun Pərvərdigar olmasına şəhadət verirəm. Mənə vəhy etdiyi şeyləri (əmrləri) yerinə yetirirəm, yerinə yetirməyəcəyim təqdirdə əzabının mənə nazil olacağından qorxuram ki, heç kəs onu – hərçənd böyük bir çarə fikirləşsə və dostluğu xalis olsa belə – dəf edə bilməz. Ondan başqa heç bir məbud yoxdur. Allah mənə xəbər vermişdir ki, əgər Əlinin barəsində mənə nazil olanları çatdırmasam, Onun risalətini axıra çatdırmamışam; və O, məni camaatın şərindən qoruyub saxlamağa zəmanət vermişdir, Allah kifayət edən və kərimdir.

Allah-taala mənə belə vəyh etmişdir:

بِسْمِ اللّهِ الرَّحْمنِ الرَّحيمِ، يا اَيُّهَا الرَّسُولُ بَلِّغْ ما اُنْزِلَ اِلَيـْكَ مِنْ رَبِّكَ ـ في علي يعنى في الخلافة لعليّ بن ابى طالب ـ وَ إنْ لَمْ تَفْعَلْ فَما بَلَّغْتَ رِسـالَتـَهُ وَاللّهُ يَعْصِمُكَ مِنَ النّاسِ

“Bağışlayan və mehriban Allahın adı ilə! Ey Peyğəmbər! Pərvərdigarın tərəfindən sənə nazil olan şeyləri – Əli ibni Əbi Talibin xilafəti barəsində nazil olanları – camaata çatdır! Əgər (bu işi) yerinə yetirməsən, Onun risalətini əncam verməmişsən və Allah səni camaatın şərindən qoruyub saxlayacaqdır.”

Ey insanlar! Mən Allahın mənə nazil etdiyi şeyləri ümmətə çatdırmaqda heç vaxt səhlənkarlıq etməmişəm. Bu ayənin nazil olma səbəbini sizə bəyan edirəm: Cəbrəil üç dəfə nazil oldu və Allah tərəfindən mənə salam yetirdi. Onun Özü də Salamdır! Mənə əmr etdi ki, bu yerdə camaatın içərisində ayağa qalxıb hər bir ağ dəriliyə-qara dəriliyə elan edəm ki, Əli ibni Əbi Talib mənim qardaşım və vəsim, ümmətimə canişinim və məndən sonra sizin imamınızdır. Onun mənə olan münasibəti eynilə Harunun Musaya olan münasibəti kimidir, bu fərqlə ki, məndən sonra heç bir peyğəmbər yoxdur. O, Allahdan və Rəsulundan sonra sizin ixtiyar sahibinizdir. Allah-taala bu barədə Öz kitabında bir ayəni mənə nazil etmişdir:

اِنَّمـا وَلِيُّكـُمُ اللّهُ وَ رَسـُولُهُ وَالَّذيـنَ آمـَنـُوا الَّذينَ يُقيمُونَ الصَّلاةَ وَ يُؤْتُونَ الزَّكاةَ وَ هُمْ راكِعُونَ

“Sizin ixtiyar sahibiniz yalnız Allah, Onun Rəsulu, habelə iman gətirib namaz qılan və rüku halında zəkat verənlərdir.” Yalnız Əli ibni Əbi Talib namaz qılanda rüku halında sailə (dilənçiyə) zəkat vermiş və hər bir halda Allah-taalanı nəzərdə tutmuşdur.

Ey insanlar! Mən Cəbrəildən istədim ki, bu mühüm məsələni təbliğ etməkdən güzəştə getməyi Allahdan istəsin. Çünki təqvalıların azlığından, münafiqlərin çoxluğundan, məzəmmət edənlərin törədəcəyi fəsaddan, islamı məsxərə edənlərin hiylələrindən xəbərdaram. O kəslər ki, Allah Öz kitabında onları belə vəsf etmişdir ki, “qəlblərində olmadığı şeyləri dildə deyilər”. Onlar bu işi çox əhəmiyyətsiz hesab edirlər, halbuki Allah dərgahında çox böyük və əzəmətlidir. Həmçinin münafiqlər dəfələrlə məni əzab-əziyyətə düçar etmiş, hətta məni “uzun” (hər bir sözə qulaq asan) adlandırmışlar. O (Əli) mənim yanımda çox olduğuna görə, mənim ona olan diqqət və rəğbətimə, onun da məndən (hər sözümü və fərmanımı) qəbul etməsinə görə onlar (münafiqlər) belə olduğumu güman edirlər. Nəhayət Allah-taala bu barədə aşağıdakı ayəni nazil etdi:

وَ مِنْهُمُ الَّذينَ يُؤْذُونَ النَّبِىَّ وَ يَقُولُونَ هُوَ اُذُنٌ قُلْ اُذُن ـ على الذين يزعمون أنّه اُذن ـ خـَيـْر لَكـُمْ، يـُؤْمـِنُ بـِاللّهِ وَ يُؤْمِنُ لِلْمُؤْمِنينَ...

“Onların arasında elə kəslər vardır ki, Peyğəmbərə əziyyət verir və deyirlər ki, o “uzun” –qulaqdır (hər bir sözə qulaq asandır). De: Onun “uzun” – qulaq olduğunu güman edənlərin əksinə olaraq bu sizin üçün xeyirdir: Allaha iman gətirir, möminlərin müqabilində təvazökarlıq və ehtiram edir.”

Əgər istəsəm, bu sözləri (“uzun”durhər bir sözə qulaq asandır kəlməsini) deyənlərin adını çəkərəm. Əgər istəsəm, onların şəxsən özünə işarə edərəm. Əgər istəsəm, onları (məxsus) əlamətləri ilə təqdim edərəm. Lakin, Allaha and olsun! Mən onların işləri müqabilində alicənablıqla rəftar edirəm. Bütün bunlardan sonra Allah yalnız o vaxt məndən razı olacaqdır ki, Əlinin barəsində mənə nazil olanları sizə elan edim. (Sonra həzrət bu ayəni tilavət etdi:)

يا اَيُّهَا الرَّسُولُ بَلِّغْ ما اُنْزِلَ اِلَيْكَ مِنْ رَبِّكَ ـ فى حـقّ عـليّ ـ و إ نْ لَمْ تَفْعَلْ فَما بَلَّغْتَ رِسالَتَهُ وَاللّهُ يَعْصِمُكَ مِنَ النّاسِ

“Ey Peyğəmbər! Allahın sənə – Əlinin haqqında – nazil etdiklərini camaata çatdır, əgər bu işi yerinə yetirməsən Onun risalətini sona çatdırmamışsan və Allah səni camaatın şərindən qoruyub saxlayacaqdır.”

3. On iki imamın imamət və vilayətinin rəsmi şəkildə elan edilməsi

Ey insanlar! Onun barəsində dediyim bu mətləbi eşidin, bilin və başa düşün! Bilin ki, Allah-taala onu hamıya – mühacirə, ənsara və onlara yaxşı şəkildə tabe olanlara, kəndlilərə və şəhərlilərə, əcəmlərə və ərəblərə, azadlara və qullara, böyüklərə və kiçiklərə, ağ dərililərə və qara dərililərə itaət edilməsi vacib olan bir imam qərar vermişdir!

Yeganə Allaha pərəstiş edən hər bir şəxsə onun (Əlinin) hökmü icra olunan, kəlamına əməl edilən və əmri qüvvədədir. Hər kəs onunla müxalifət etsə məlundur (Allahın rəhmətindən uzaqdır), hər kəs ona tabe olsa və onu təsdiqləsə, ilahi rəhmətə nail olar. Allah onu və ona itaət edib sözünü eşidən hər bir şəxsi bağışlayır.

Ey insanlar! Mən böyük saylı belə bir cəmiyyətdə çıxış etdiyim sonuncu dəfədir. Eşidin və itaət edin, Pərvərdigarınız olan Allahın əmri müqabilində təslim olun! Çünki (ilk növbədə) Allah-taala sizin ixtiyar sahibiniz və məbudunuzdur, Allahdan sonra (da hal-hazırda) sizə xitab edən Onun Peyğəmbəridir. Məndən sonra Əli Allahın əmri ilə sizin ixtiyar sahibiniz və imamınızdır. Ondan sonra Allah və Onun Rəsulu ilə görüşə gələcəyiniz zamana qədər imamət mənim nəslimdən və onun övladlarından olan şəxslərdədir.

Yalnız o şeylər halaldır ki, Allah, Onun Rəsulu və onlar (imamlar) onu halal etmişlər. Haram da yalnız odur ki, Allah, Onun Rəsulu və onlar (imamlar) onu sizə haram etmişdir. Allah-taala halal və haramları mənə tanıtdırmışdır, Allah-taalanın mənə təlim verdiyi Kitabını və halal-haramını ona (Əliyə) həvalə etmişəm.

Ey insanlar! Əlini (başqalarından) fəzilətli bilin. Elə bir elm yoxdur ki, Allah-taala onu məndə bir yerə cəm etməsin; mən də öyrəndiyim hər bir elmi müttəqilərin imamında əmanət qoymuşam. Elə bir elm yoxdur ki, onu Əliyə öyrətməmiş olam. Allah-taalanın “Yasin” surəsində buyurduğu “İmamin mübin” odur:

وَ كُلَّ شَيْءٍ اَحْصَيْناهُ في إِمامٍ مُبينٍ

“Hər bir şeyi İmamin mübində cəm edib saymışıq.”

Ey insanlar! Ondan (Əlidən) başqasına tərəfə gedib yolunuzu azmayın! Ondan üz çevirməyin və onun vilayətindən imtina etməyin. Çünki  haqqa doğru yalnız o hidayət edir, ona əməl edir, batili aradan aparır və ondan çəkindirir, məzəmmət edənlərin məzəmməti Allah yolunda onu (bu yoldan) saxlamaz.

O (Əli) Allaha və Rəsuluna iman gətirən ilk şəxsdir. Mənə iman gətirməkdə heç bir şəxs ondan qabağa keçməmişdir. Yalnız o öz canı ilə Allah Rəsulunun yolunda fədakarlıq göstərirdi. Yalnız o Allahın Peyğəmbəri ilə birlikdə idi, halbuki kişilərdən heç biri (o zaman) onunla birlikdə Allaha ibadət etmirdi. Namaz qılmaqda kişilərin ilki, mənimlə birlikdə Allaha ibadət edən ilk şəxsdir. Allah tərəfindən ona əmr etdim ki, (Leylətul-məbit günü) mənim yatağımda yatsın. O da öz canını mənə fəda etdi və mənim yerimdə yatdı.

Ey insanlar! Onu (hamıdan) fəzilətli bilin, çünki Allah onu fəzilətli etmişdir. Onu (sözsüz) qəbul edin, çünki onu Allah-taala bu məqama təyin etmişdir.

Ey insanlar! O, Allah tərəfindən sizə təyin olunan imamdır. Hər kəs onun vilayətini inkar etsə, Allah heç vaxt onun tövbəsini qəbul etməz, onu bağışlamaz. Allaha qəti şəkildə vacibdir ki, onunla müxalifət edənlərlə belə əməl etsin, belə insanları əbədiyyətə qədər şiddətli əzabda cəzalandırsın. Onunla müxalifət etməkdən çəkinin! Əks halda, elə bir oda düçar olarsınız ki, onun yanacaqları insanlar və daşlardır və kafirlər üçün hazırlanmışdır.

Ey insanlar! Allaha and olsun! Əvvəlki peyğəmbərlər və rəsullar mənim gələcəyimi müjdə vermişlər. Allaha and olsun! Mən peyğəmbərlərin və mürsəllərin sonuncusu, asimanın və yerin məxluqlarının hamısına höccətəm. Hər kəs bu məsələ barəsində şəkk etsə, əvvəlki cahiliyyət dövrünün küfrü kimi kafir olmuşdur! Hər kəs bu sözlərimdə şəkk etsə, mənə nazil olanların hamısında şəkk etmişdir. Hər kəs imamlardan biri barəsində şəkk etsə, onların hamısı barəsində şəkk etmişdir. Bizim barəmizdə şəkk edənlərin yeri də cəhənnəm odudur.

Ey insanlar! Allah-taala mənə belə fəzilət vermişdir. Bu Onun tərəfindən mənə bir minnət, Onun dərgahından mənə doğru bir ehsandır. Allahdan başqa heç bir məbud yoxdur. Mənim tərəfimdən həmd-səna əbədiyyətə qədər, ruzigarın axırına qədər və hər bir halda Ona məxsusdur.

Ey insanlar! Əlini hamıdan fəzilətli bilin, çünki o məndən sonra bütün kişilər və qadınlar arasında ən fəzilətli şəxsdir – o zamana qədər ki, Allah-taala ruzi nazil edir və məxluqat vardır. Bir kəs mənim bu sözlərimi rədd etsə və onunla müvafiq olmazsa, məlundur, məlundur! Belə insan Allahın qəzəbinə düçar olar, Onun qəzəbinə gələr! Bilin ki, Cəbrəil Allah tərəfindən bu xəbəri mənim üçün gətirmiş və Allahın belə buyurduğunu demişdir: “Hər kəs Əli ilə düşmən olsa və vilayətini qəbul etməzsə, Mənim qəzəb və lənətim ona olsun!” Hər kəs baxıb görsün ki, sabahı (qiyaməti) üçün əvvəlcədən nə göndərmişdir. Allahdan qorxun və Əli ilə müxalifət etməyin! Əks halda, belə bir insanın qədəmləri sabit olduqdan sonra sapar. Allah-taala gördüyünüz işlərin hamısından agahdır.

Ey insanlar! O (Əli) Allah-taalanın Öz kitabında buyurduğu “cənbullah”dır. Onunla müxalifət edən şəxsin qiyamətdə belə deyəcəyini buyurur:

اَنْ تَقُولَ نَفْسٌ يا حَسْرَتا عَلى ما فَرَّطْتُ في جَنْبِ اللّهِ

“Allahın “cənbi” barəsində təfrit və etinasızlıq etdiyimə görə vay-həsrətlər olsun mənə!”

Ey insanlar! Quranda dərindən diqqət edin, ayələrini başa düşün, möhkəm ayələrini nəzərə alın və mütəşabih ayələrin arxasınca getməyin! Allaha and olsun! Onun batinini (Əlidən başqa) bir kəs sizin üçün bəyan etməz, təfsirini bir kəs sizin üçün aydınlaşdırmaz – bu işləri yalnız əlindən tutub özümə tərəf yuxarı qaldırdığım bu şəxs görər. İki əlimlə onun qollarından tutub qaldırır və sizi başa salıram ki: “Mən hər kəsin mövlası və ixtiyar sahibiyəmsə, Əli də onun mövlası və ixtiyar sahibidir.” O – Əli ibni Əbi Talib mənim qardaşım və canişinimdir, onun vilayəti mütəal Allah tərəfindəndir ki, mənə nazil etmişdir.

Ey insanlar! Əli və övladlarımdan olan pak imamlar kiçik siql (əmanət), Quran isə böyük siqildir (əmanətdir). Bu ikisinin hər biri digərindən xəbər verir və bir-biri ilə tam müvafiqdirlər. Bunlar Hovuzda mənə gəlib qovuşana qədər heç vaxt bir-birindən ayrılmazlar. Bilin ki, onlar Allah-taalanın insanlar arasında əmanətdarları və yer üzündəki hakimləridir.

Bilin ki, mən (Allah tərəfindən nazil olanları) əda etdim. Bilin ki, mən bunları sizə eşitdirdim. Bilin ki, mən məsələni aydınlaşdırdım. Bilin ki, (bunları) Allah buyurmuşdur və mən də Onun tərəfindən deyirəm. Bilin ki, Əlidən başqa heç bir qardaşım yoxdur. Bilin ki, “Əmirəl-möminin” ləqəbi ondan başqa heç kəs üçün halal deyildir!

4. Peyğəmbər (səlləllahu əleyhi və alih)-in vasitəsi ilə Əli (əleyhis-salam)-ın ayağa qaldırılaraq camaata təqdim edilməsi

Bundan sonra Peyğəmbər (səlləllahu əleyhi və alih) əlini Əli (əleyhis-salam)-ın qoluna vurdu və onu ayağa qaldırdı. Halbuki o, Peyğəmbərin minbərə çıxdığı vaxtdan həmin vaxta qədər o həzrətdən bir pillə aşağıda dayanmışdı. O həzrətin üzünə baxanda sağ tərəfə meyl etmişdi, sanki, hər ikisi bir yerdə dayanmışdılar. Sonra Peyğəmbər onun əlindən tutub qaldırdı, hər iki əli asimana tərəf açıldı. Əlini yerindən o qədər qaldırdı ki, o həzrətin ayaqları Peyğəmbərin dizlərinin müqabilində dayandı. Sonra buyurdu:

Ey insanlar! Bu Əlidir – mənim qardaşım, vəsim, elmlərimin hamısını əhatə edən və ümmət arasında mənə iman gətirən hər bir şəxs üçün canişinimdir – Allah-taalanın kitabını təfsir, ona doğru dəvət və Allahı razı edən şeylərə əməl etməkdə mənim canişinimdir. O, Allah düşmənləri ilə müharibə aparandır, Allaha itaət edənlərlə dostluq edən və Allaha günah edənləri çəkindirəndir. O, Allahın Rəsulunun xəlifəsi, möminlərin əmiri və Allah tərəfindən hidayət edən imamdır. O, Allahın əmri ilə nakisinləri (Cəməldə), qasitinləri (Siffeyndə) və mariqinləri (Nəhrəvanda) qətlə yetirəcəkdir.

Allah-taala buyurur: مـا يـُبـَدَّلُ الْقـَوْلُ لَدَيَّ “... Mənim yanımda söz heç vaxt dəyişdirilməz.” Pərvərdigara! Sənin əmrinlə deyirəm: “Pərvərdigara! Əlini sevənləri sev, onunla düşmən olanlarla düşmən ol. Ona (Əliyə) kömək edənlərə kömək et, onu xar edənləri xar et! Əlini inkar edənlərə lənət et, Əlinin haqqını inkar edənlərə qəzəb et!”

Pərvərdigara! Sən bu mətləb aydın olduğu, bu gündə Əlinin xilafətə təyin edildiyi zaman onun barəsində bu ayəni nazil etdin:

اَلْيَوْمَ اَكْمَلْتُ لَكُمْ دينَكُمْ وَ اَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتي وَ رَضيتُ لَكُمُ الاِْسْلامَ ديناً

“Bu gün dininizi sizin üçün kamil etdim, Öz nemətimi sizə tamamladım və İslamın sizin üçün (kamil) bir din olmasına razı oldum...”

وَ مَنْ يَبْتَغِ غَيْرَ الاِْسْلامِ ديناً فَلَنْ يُقْبَلَ مِنْهُ وَ هُوَ فِي الاَّْخِرَةِ مِنَ الْخاسِرينَ

“Hər kəs İslamdan başqa bir din seçərsə, heç vaxt ondan qəbul olunmayacaqdır və o, axirətdə ziyana uğrayanlardan olacaqdır.” Pərvərdigara, şahid ol ki, mən bunları çatdırdım!

5. Ümmətin imamət məsələsinə diqqət yetirməsinə dair təkidlər

Ey insanlar! Allah sizin dininizi onun (Əlinin) imaməti ilə kamil etdi. Hər kəs Allahın hüzuruna getdiyi vaxta – qiyamət gününə qədər ona və mənim övladlarımdan olan (sonrakı) canişinlərimə iqtida etməzsə, onun dünya və axirətdəki əməlləri puç olub aradan gedəcək, əbədi cəhənnəm odunda qalacaqdır. Onun əzabı yüngülləşdirilməz və ona möhlət verilməz.

Ey insanlar! Bu Əli sizin aranızda mənə ən çox kömək edən, sizin aranızda mənə ən layiqli, ən yaxın və ən əziz olan şəxsdir. Allah-taala və mən ondan razıyıq. Quranda elə bir razılıq ayəsi yoxdur ki, yalnız onun barəsində olmasın; Allah-taala möminlərə elə bir vaxt xitab etməyib ki, əvvəlcə onun xitabı Əliyə olmasın. Quranda elə bir mədh və tərif ayəsi yoxdur ki, (ilk növbədə) onun barəsində olmasın. Allah-taala “Həl əta” surəsində behişt şəhadətini yalnız ona vermiş və bu surəni ondan başqası üçün nazil etməmiş, bu surə ilə ondan başqasını mədh etməmişdir.

Ey insanlar! O, Allah dininə kömək edən, Allah Rəsulunu müdafiə edəndir. O, təqvalı, pak-pakizə, hidayət edən və hidayət olunmuş şəxsdir. Sizin Peyğəmbəriniz ən yaxşı Peyğəmbər, vəsiniz ən yaxşı vəsi, onun övladları da ən yaxşı vəsilərdir.

Ey insanlar! Hər bir peyğəmbərin nəsli öz sülbündəndir, lakin mənim nəslim Əlinin sülbündən davam edir.

Ey insanlar! Şeytan həsəd üzündən Adəmi behiştdən çıxartdı. Məbada Əliyə həsəd edəsiniz! Əks halda, əməlləriniz məhv olar, qədəmləriniz sapar. Adəm Allah-taala tərəfindən seçilmiş bir bəndə olduğu halda bir günaha görə yer üzünə göndərildi. Onda görəsən, aranızda Allahın düşmənləri olduğu halda sizin vəziyyətiniz necə olacaqdır?!

Bilin ki, Əli ilə yalnız şəqi – bədbəxt insan düşmənçilik edər, onunla yalnız təqvalı şəxslər dostluq edər və ona yalnız müxlis (ixlaslı, sədaqətli) möminlər iman gətirər. Allaha and olsun! “Əsr” surəsi Əlinin barəsində nazil olmuşdur: “And olsun əsrə ki, bütün insanlar ziyandadır – yalnız Əlidən başqa; o, iman gətirib haqqa və səbrə razı olar.”

Ey insanlar! Allahı şahid tuturam ki, risalətimi (ilahi vəzifəmi) sizə təbliğ etdim. “Rəsulun öhdəsində aşkar təbliğdən başqa bir şey yoxdur.” Ey insanlar! Allah qarşısında təqvalı olun və layiqincə təqva edin. Dünyadan yalnız müsəlman halda gedin.

6. Münafiqlərin təxribatçılıq planlarına işarə

Ey insanlar! “Üzlərinizi həlak etməzdən, yaxud arxaya çevirməzdən qabaq, yaxud da şənbə gününün səhabələri kimi lənət etməzdən qabaq Allaha, Rəsuluna və onunla birlikdə nazil etdiyi nura iman gətirin!” And olsun! Bu ayədə səhabələrimdən yalnız bir dəstəsi nəzərdə tutulur. Onları adları və əsil-nəsəbləri ilə tanıyıram, lakin mənə əmr olunmuşdur ki, adlarını gizlədim. Hər kəs (nə kimi) əməl etsə, qəlbində olan şeylərə müvafiq: ya Əliyə qarşı məhəbbət, ya da kinə üzündən əməl edir.

Ey insanlar! Allah tərəfindən bir nur məndə qərar verilmişdir, (bu nur məndən) sonra Əli ibni Əbi Talibdə, ondan sonra da Qaim Məhdiyə qədər onun nəslində olacaqdır. O (Məhdi) Allahın haqqını və bizdən (zülm ilə) alınmış haqların hamısını alacaqdır. Çünki mütəal Allah bizi səhlənkarlıq edənlərə, inadkarlara, müxaliflərə, xainlərə, günahkarlara, zalımlara, qəsbkarlara və bütün aləmdəkilərə höccət qərar vermişdir.

Ey insanlar! Sizi qorxudur və öyüd-nəsihət verirəm: mən Allahın Rəsuluyam, məndən də qabaq çoxlu peyğəmbərlər gəlmişdir. Əgər mən ölsəm, yaxud qətlə yetirilsəm, arxaya (cahiliyyət dövrünə) qayıdacaqsınızmı?! “Hər kəs geri qayıtsa, Allaha heç bir zərər çatdırmaz, Allah tezliklə şükür və səbir edənlərə mükafat verəcəkdir.” Bilin ki, bu ayədə səbir və şükür sifəti ilə vəsf edilən Əlidir və ondan sonra onun nəslindən olan övladlarımdır.

Ey insanlar! İslamı qəbul etməklə mənə və Allaha minnət qoymayın! Çünki bu iş sizin əməllərinizi məhv edib aradan aparar; Allah sizə qəzəb edər və sizi cəhənnəm atəşinin şölələrinə və (əridilmiş) misə düçar edər. Allah sizin pusqunuzdadır.

Ey insanlar! Məndən sonra insanları cəhənnəmə doğru çağıran rəhbərlər gələcəkdir – qiyamət günü onlara kömək olunmaz. Ey insanlar! Allah və mən onlardan bezarıq! Ey insanlar! Onların özü, köməkçiləri, tabeçiləri və ardıcılları cəhənnəmin ən aşağı dərəcələrindədir və ora – təkəbbürlülərin yeri necə də pis yerdir! Bilin ki, onlar “səhifə səhabələri”dir! Belə isə, sizin hər biriniz öz səhifəsinə baxsın.

(Ravi deyir ki, həzrət “səhifə səhabələri” deyəndə camaatın çoxu həzrətin məqsədini başa düşmədi. Buna görə də zehinlərində sual yarandı və yalnız bir dəstə adam həzrətin sözünü başa düşdü.)

Ey insanlar! Mən xilafət işini qiyamətə qədər “imamət” ünvanı ilə öz nəslimdə əmanət qoydum. Mənə əmr olunanları təbliğ etdim ki, həm burada olanlara, həm də olmayanlara höccət olsun; istər burada olsunlar, istərsə də olmasınlar; istər dünyaya gəlmiş olsunlar, istərsə də hələ dünyaya gəlməmiş olsunlar. Qiyamətə qədər bu məsələni burada iştirak edənlər qaiblərə, atalar övladlarına çatdırsınlar.

Tezliklə məndən sonra imaməti zülmlə və zorakılıqla alacaq və padşahlıq ünvanına çevirəcəklər. Allah qəsbkarlara və təcavüz edənlərə lənət etsin! Ey cinlər və insanlar! O zaman sizin üçün tökülən şeylər tökülər, sizə atəşdən və əridilmiş misdən olan od şölələri göndərilər ki, onu özünüzdən dəf edə bilməzsiniz.

Ey insanlar! Allah-taala sizi yalnız buna görə öz başınıza buraxmışdır ki, xəbislər pakizələrdən seçilsin. Allah sizi qeybdən agah etməz.

Ey insanlar! Elə bir abad ölkə yoxdur ki, (onun əhalisi ilahi ayələri) təkzib etdikləri üçün qiyamət günündən qabaq Allah onları həlak etməmiş və onu Məhdinin hökuməti dairəsində qərar verməmiş olsun. Allah vədə verdiyi şeyləri mütləq yerinə yetirir.

Ey insanlar! Sizdən əvvəlki ümmətlərin çoxu həlak oldular. Allah onları həlak etdi. Gələcəkdəkiləri də Allah həlak edəcəkdir. Allah-taala buyurur: “Məgər Biz əvvəlki (inadkar) qövmləri həlak etmədikmi?! Onların ardınca digər nəsilləri göndərmədikmi?! Biz günahkarlarla belə rəftar edərik. Təkzib edənlərə o gündə vay olsun!”

Ey insanlar! Allah mənə müəyyən əmrlər və nəhylər vermişdir. Mən də Allahın əmri ilə Əliyə əmr  və nəhy etmişəm. Həmin əmr və nəhylər Əlinin ixtiyarındadır. Belə isə, onun əmrlərinə qulaq asın ki, salamat qalasınız; ona itaət edin ki, hidayət olunasınız; onun nəhylərini qəbul edin ki, düz yolda olasınız. Onun məqsədinə və muradına doğru gedin, yadların yolu sizi onun yolundan azdırmasın!

7. Əhli-beytin ardıcılları və düşmənləri

Ey insanlar! Mən Allahın düzgün yoluyam, sizi də ona tabe olmağa əmr edirəm. Məndən sonra Əli, ondan sonra da onun nəslindən olan övladlarım hidayət imamlarıdır. Onlar Allahın izni ilə haqqa hidayət və ədalət əsasında rəftar edərlər.

بِسْمِ اللّهِ الرَّحْمنِ الرَّحيمِ، اَلْحَمْدُ لِلّهِ رَبِّ الْعالَمينَ...

Sonra “Həmd” surəsini axıra qədər oxudu və buyurdu: Bu surə mənim barəmdə nazil olmuşdur. Allaha and olsun! Həm də onların (imamların) barəsində nazil olmuşdur. Həm ümumi, həm də xüsusi şəkildə onlara şamil olur. Onlar Allahın dostlarıdır ki, onlar üçün heç bir qorxu, qəm-qüssə yoxdur. Bilin ki, Allahın dəstəsi qalib gələnlərdir.

Bilin ki, onların düşmənləri azğın səfehlər və şeytanların qardaşlarıdır ki, batil şeyləri qürur üzündən bir-birinə çatdırırlar.

Bilin ki, onların (Əhli-beytin) dostları o kəslərdir ki, Allah Öz kitabında onları yad edərək buyurur:

لا تَجِدُ قَوْماً يُوْمِنُونَ بِاللّهِ وَالْيَوْمِ الاَّْخِرِ يُوادُّونَ مَنْ حادَّاللّهَ وَ رَسُولَهُ وَ لَوْ كانُوا آبائَهُمْ اَوْ اَبـْنـائَهُمْ اَوْ إخْوانَهُمْ اَوْ عَشيرَتَهُمْ، اُولئِكَ كَتَبَ في قُلُوبِهِمُ الاْيمانَ

“Allaha və qiyamət gününə iman gətirən elə bir qövmü tapmazsan ki, (bununla eyni zamanda) Allahı və Rəsulu ilə zidd olan şəxslərdən üz çevirməmiş olsunlar – hətta onların ataları, övladları, qardaşları və qohumları olsa da. Bunlar həmin kəslərdir ki, iman onların qəlblərinə yazılmışdır.”

Bilin ki, onların (Əhli-beytin) dostları yalnız o kəslərdir ki, Allah-taala onları vəsf edərək buyurur:

اَلَّذينَ آمَنُوا وَ لَمْ يَلْبَسُوا ايمانَهُمْ بِظُلْمٍ اُولئِكَ لَهـُمُ الاَْمـْنُ وَ هـُمْ مـُهـْتـَدُونَ

“O kəslər ki, iman gətirmiş və imanlarını zülm ilə örtməmişlər, onlar həmin kəslərdir ki, onlar üçün aman vardır və onlar həqiqi hidayət tapanlardır.”

Bilin ki, onların dostları iman gətirən və şəkk-şübhəyə düşməyənlərdir.

Bilin ki, onların dostları o kəslərdir ki, sağ-salamat və əmin-amanlıq halda behiştə gedərlər, məlaikə salamla onların pişvazına gələrək deyərlər: “Salam olsun sizə, pak oldunuz! Belə isə, həmişəlik olaraq behiştə daxil olun!”

Bilin ki, onların dostları o kəslərdir ki, behişt onlar üçün nəzərdə tutulmuşdur və orada hesab-kitabsız ruzidən bəhrələnəcəklər.

Bilin ki, onların (Əhli-beytin) düşmənləri o kəslərdir ki, od şölələrinə daxil olarlar. Bilin ki, onların düşmənləri o kəslərdir ki, qaynar halda olan cəhənnəmdən dəhşətli, qorxunc səslər eşidər və onun şölələrinin zəbanə çəkməsini görərlər.

Bilin ki, onların düşmənləri o kəslərdir ki, Allah onların barəsində buyurur:

كُلَّما دَخَلَتْ اُمَّةٌ لَعَنَتْ اُخْتَها

“Cəhənnəmə daxil olan hər bir qrup öz bərabərlərini lənətləyərlər!

Bilin ki, onların düşmənləri o kəslərdir ki, Allah-taala onların barəsində buyurur:

كُلَّما اُلْقِيَ فيها فَوْجٌ سَاءَلَهُمْ خَزَنَتُها اَلَمْ يَاءْتِكُمْ نَذيرٌ، قالُوا بَلى قَدْ جـاءَنـا نـَذيـرٌ فـَكـَذَّبـْنـا وَ قـُلْنـا مـا نـَزَّلَ اللّهُ مـِنْ شَيْى ءٍ، اِنْ اَنْتُمْ اِلاّ في ضَلالٍ كَبيرٍ... اَلا فـَسـُحـْقـاً لاَِصْحابِ السَّعيرِ

“Hər vaxt (onlardan) bir qrupu cəhənnəmə atılarsa, cəhənnəmin keşikçiləri onlardan soruşar: “Sizin üçün bir qorxudan şəxs gəlmədimi?!” Deyərlər: “Əlbəttə, bizim üçün ilahi əzabdan qorxudan gəldi, lakin biz onu təkzib etdik və dedik ki, Allah heç bir şey nazil etməmişdir, siz yalnız böyük azğınlıqdasınız.” Belə isə, (ilahi rəhmətdən) uzaq olsun cəhənnəm səhabələri!”

Bilin! Onların dostları elə kəslərdir ki, gizlində Allahdan qorxar, onlar üçün böyük məğfirət və savab vardır.

Ey insanlar! Böyük savab ilə cəhənnəm şölələri arasında nə qədər fasilə vardır!

Ey insanlar! Bizim düşmənimiz o kəsdir ki, Allah onu məzəmmət və lənət etmişdir; dostumuz o kəsdir ki, Allah onu mədh edərək sevmişdir.

Ey insanlar! Mən (Quranda buyurulan) “nəzir” – ilahi əzabdan qorxudan, Əli isə müjdə verəndir.

Ey insanlar! Bilin ki, mən qorxudanam, Əli isə hidayət edəndir.

Ey insanlar! Mən Peyğəmbərəm, Əli mənim canişinimdir!

Ey insanlar! Mən Peyğəmbər və Əli məndən sonra imam və vəsidir, ondan sonrakı imamlar onun övladlarıdır.

Bilin ki, mən onların atasıyam, onlar isə Əlinin sülbündən vücuda gələcəklər.

8. Həzrət Məhdi (əleyhis-salam) barədə

Bilin ki, imamların axırıncısı – Qaim Məhdi bizdəndir. O bütün dinlərə qalib gələcək, zalımlardan intiqam alacaq, qalaları fəth edəcək, onları dağıdacaq, şirk əhlindən olan hər bir qəbiləyə qalib gələcək və onları hidayət edəcəkdir.

Bilin ki, o, ilahi övliyaların hər birinin intiqamını alacaq, Allah dininə kömək edəcəkdir.

Bilin ki, o, dərin dəryadan istifadə edəcəkdir. O, hər bir fəzilət sahibini fəziləti qədər, hər bir cəhalət sahibini cəhaləti qədər nişanlayar: o, seçilmiş və Allahın seçdiyi şəxsdir. O hər bir elmin varisi, hər bir fəhmə (düşüncə və idraka) əhatəlidir.

Bilin ki, o Pərvərdigarından xəbər verən və ilahi ayələri yüksəldəndir, möhkəm qədəmlərlə hidayət olunmuşdur.

Bütün işlər ona həvalə edilmişdir, (məndən) əvvəlki peyğəmbərlər onun gələcəyini müjdə vermişlər. O, höccət ünvanı ilə qalacaq və ondan sonra heç bir höccət olmayacaqdır. Hər bir haqq yalnız onunladır, bütün nurlar onunla birlikdədir; heç kəs ona qələbə çala bilməz, onun əleyhinə bir kəsə kömək olunmaz. O, Allahın yer üzündəki vəlisi və dostu, Allah bəndələri arasında (haqq əsasında) hökm edən, Allahın gizlin və aşkarlarına əmanətdar şəxsidir.

9. Beyət mərasimi

Ey insanlar! Mən sizin üçün (hər bir şeyi) aydınlaşdırıb başa saldım. Bu Əli (də) məndən sonra hər bir şeyi sizə başa salacaqdır. Xütbəm qurtardıqdan sonra sizi dəvət edirəm ki, ona beyət və iqrar ünvanı ilə (əvvəlcə) mənə əl verəsiniz, məndən sonra isə onun özü il əl verib beyət edəsiniz.

Bilin ki, mən Allah ilə beyət etmişəm, Əli də mənimlə beyət edib. Mən Allah tərəfindən sizdən onun üçün beyət alıram. Allah-taala buyurur:

اِنَّ الَّذينَ يُبايِعُونَكَ اِنَّما يُبايِعُونَ اللّهَ، يَدُ اللّهِ فـَوْقَ اَيـْدِيـهـِمْ، فـَمـَنْ نـَكـَثَ فـَاِنَّمـا يـَنـْكـُثُ عـَلى نـَفـْسِهِ، وَ مَنْ اوْفى بِما عاهَدَ عَلَيْهُ اللّهَ فـَسـَيـُؤْتيهِ اَجْراً عَظيماً

“Səninlə beyət edənlər həqiqətdə Allah ilə beyət etdilər. Allahın (qüdrət) əlləri onların əllərinin üstündədir. Hər kəs beyəti pozsa, bu (pozuntu) onun zərərinədir. Hər kəs Allah ilə bağladığı əhdə vəfa etsə, Allah ona böyük savab verəcəkdir.”

10. Halal və haram, vacib və qadağan edilmiş

Ey insanlar! Həcc və ümrə ilahi şüarlardandır. Allah-taala buyurur:

فَمَنْ حَجَّ الْبَيْتَ اَوِ اعْتَمَرَ فـَلا جُناحَ عَلَيْهِ اَنْ يَطَّوَّفَ بِهِما

“Belə isə, hər kəs həcc, yaxud ümrə üçün Allahın evinə gələrsə, onun Səfa və Mərvada çoxlu təfav etməsinin eybi yoxdur.

Ey insanlar! Allah evinin ziyarətinə – həccə gedin! Allah evinə daxil olan elə bir ailə yoxdur ki, zəngin, ehtiyacsız və şad olmasın. Onu tərk edən elə bir ailə yoxdur ki, fəqir olmasın.

Ey insanlar! Movqifdə (Ərəfat, Məşər və Minada) vüquf edən – dayanan elə bir mömin yoxdur ki, Allah onun keçmişdəki – həmin vaxta qədər etdiyi günahlarını bağışlamasın;  həcci sona çatdığı zaman o, əməllərini (günahları bağışlanmış adam kimi) yerindən başlayar.

Ey insanlar! Hacılara (Allah tərəfindən) kömək olunur, onların xərclədiyi şeylər onlara qayıdır. Allah-taala ehsan edənlərin mükafatını heç vaxt zay etməz!

Ey insanlar! Kamil din və təfəqqühlə – dərindən dərklə Allah evinin ziyarətinə – həccə gedin və o şərif məkanlardan tövbə etmədən, günahdan əl çəkməkdən başqa bir şeylə qayıtmayın.

Ey insanlar! Allah-taala sizə fərman verdiyi kimi namaz qılın, zəkat verin. Əgər uzun müddət keçsə və siz səhlənkarlıq etsəniz, yaxud unutsanız, Əli sizin ixtiyar sahibinizdir və sizin üçün bəyan edəcəkdir. O həmin şəxsdir ki, Allah-taala məndən sonra onu Öz məxluqatına əmanətdar şəxs seçmişdir. O məndən, mən də ondanam.

O və mənim nəslimdən gələn imamlar soruşduğunuz şeyləri sizə bəyan edər, bilmədiyiniz şeyləri sizin üçün aydınlaşdırar. Bilin ki, halal-haramlar o qədər çoxdur ki, onların hamısını sadalamamış, təqdim etməmişəm və bir məclisdə onların (vaciblərin) hamısına göstəriş verə, bütün haramlardan çəkindirə bilmərəm. Mənə əmr olunub ki, sizə əl verəm və sizdən bu əsasda beyət alam: Allahın tərəfindən Əmirəl-möminin Əlinin və ondan sonrakı canişinlərinin – onlar mənim nəslimdəndir – barəsində olan şey (mövzu) imamətdir ki, bu məqam yalnız onların öhdəsində olacaqdır. Onların axırıncısı Məhdidir ki, müdəbbir (hər bir şeyi tədbir edən) Allahın qəza və qədər etdiyi görüş gününə qədər (onun imaməti) davam edəcəkdir.

Ey insanlar! Sizə hidayət (əmr) etdiyim hər bir halaldan, çəkindirdiyim hər bir haramdan heç vaxt əl çəkməmiş və onları dəyişdirməmişəm. Bu mətləbi yadda saxlayın, onu əzbərləyin, bir-birinizə tövsiyə edin və onu dəyişdirməyin!

Mən öz sözümü bir dəfə də təkrar edirəm: Namaz qılın, zəkat verin, yaxşı işlərə əmr edin və pis işlərdən çəkindirin!

Bilin ki, ən yüksək əmr be məruf odur ki, mənim sözümü başa düşüb burada olmayanlara çatdırasınız, mənim tərəfimdən onları da bu məsələləri qəbul etməyə əmr edəsiniz və müxalifətdən çəkindirəsiniz. Çünki bu göstəriş Allah tərəfindəndir və mənim vasitəmlə verilir. Bütün əmr be məruf (yaxşılıqlara dəvət) və nəhy əz münkər (pisliklərdən və günahlardan çəkindirmək) işləri yalnız məsum imamın vasitəsi ilə əncam tapır.

Ey insanlar! Quran sizə bəyan edir ki, Əlidən sonrakı imamlar onun övladlarıdır. Mən də sizə başa saldım ki, onlar həm mənim, həm də onun nəslindən olan övladlarımdır. Belə ki, Allah-taala Öz kitabında buyurur:

وَ جَعَلَها كـَلِمـَةً بـاقـِيـَةً فـي عـَقـِبـِهِ

“(İmaməti) onun nəslində qalıb davam edən bir kəlmə qərar verdi.”

Mən də sizə deyirəm: Əgər bu ikisinə (Qurana və Əhli-beytə) sarılsanız, heç vaxt yolunuzu azmazsınız.

Ey insanlar, təqva-təqva! Qiyamət günündən qorxun, necə ki, mütəal Allah buyurur:

إِنَّ زَلْزَلَةَ السّاعَةِ شَيْى ءٌ عَظيمٌ

“Həqiqətən qiyamətin zəlzələsi çox əzəmətli bir şeydir.”

Ölümü, məadı, hesab-kitabı, ilahi tərəzini, Rəbbil-aləmin Allahın hüzurunda cavab verməyi, savab və cəzanı yada salın! Hər kəs (o gündə) özü ilə bir həsənə (savab iş) gətirsə, ona savab veriləcəkdir, hər kəs günah gətirsə, behiştdən onun heç bir payı olmayacaqdır.

11. Rəsmi şəkildə beyət alınması[1]

Ey insanlar! Sizin sayınız o qədər çoxdur ki, (vahid bir zamanda və bir əl ilə beyət üçün) mənə əl verə bilməzsiniz. Pərvərdigarım mənə əmr etmişdir ki, sizin dilinizdən Əmirəl-möminin Əli, ondan sonra gələn və onunla mənim nəslimdən olan imamlar barəsində inandırdığım şeylər barəsində iqrar alam. Sizə başa saldım ki, mənim övladlarım onun sülbündəndir. Beləliklə hamımız belə deyirik: “Bizim və sənin Pərvərdigarın tərəfindən Əlinin və ondan sonra onun sülbündən dünyaya gələn imamların imaməti barəsində bizə gətirdiyin şeyləri eşitdik və itaət etdik, onlara razıyıq və təslim oluruq. Bu mətləbə dair qəlbimiz, canımız, dilimiz və əllərimizlə səninlə beyət edirik. Bu əqidə ilə yaşayar, bu əqidə ilə də ölərik və (qiyamət günü) həmin əqidə ilə məhşur olarıq (dirilərik). Bunu dəyişdirməyəcək, onda şəkk və onu inkar etməyəcəyik, qəlbimizə (ona qarşı) şəkk-şübhəyə yol verməyəcəyik, bu sözdən qayıtmayacaq və əhdimizi pozmayacağıq. Sən bizə Əli və ondan sonra onunla sənin nəslindən və onun övladları olan imamlar barəsində ilahi öyüd-nəsihət verdin – yəni Həsən Hüseyn və o kəslər ki, Allah bu ikisindən sonra onları imamətə seçmişdir.

Belə isə, onlar üçün qəlblərimizdən, canlarımızdan, dillərimizdən, batinlərimizdən və əllərimizdən əhd-peyman alındı. Hər kəs bacarırsa, Əli ilə beyət etsin, əks halda dili ilə iqrar etsin. Heç vaxt bu əhd-peymanı dəyişdirmək fikrində deyilik və Allah (bu barədə) öz nəfəslərimizdə dəyişiklik görməsin. Biz bu mətləbi sənin dilindən yaxında-uzaqda olan övladlarımıza və qohumlarımıza çatdıracağıq. Allahı buna şahid tuturuq. “Allah şahid olmaq üçün kifayətdir və sən də bizim bu iqrarımıza şahidsən.”

Ey insanlar. Nə deyirsiniz?! Allah-taala hər kəsin aşkar səsini eşidir və gizli işlərini bilir. Hər kəs hidayət olunsa, öz xeyrinə hidayət olunub; hər kəs yolunu azsa, öz zərərinə yolunu azmış olur. Hər kəs (Əliyə) beyət etsə, Allahla beyət etmiş olur və Allahın əli onların (beyət edənlərin) əlinin üstündədir.

Ey insanlar! Allahla beyət edin, mənimlə beyət edin, Əmirəl-möminin Əli ibni Əbi Taliblə beyət edin, Həsən, Hüseyn və onlardan sonra (gələn) imamlarla “dünya və axirət imamları” ünvanı ilə beyət edin, (çünki) imamət onların nəslində qalacaqdır. Allah hiylə işlədənləri (beyəti pozanları) həlak edər, vəfadar qalanları Öz rəhmətinə daxil edər. Hər kəs beyəti pozsa, öz zərərinə pozmuş olur; hər kəs Allahla bağladığı əhd-peymana vəfalı qalsa, Allah da ona böyük savab verəcəkdir.

Ey insanlar! Sizə dediyim şeyləri (təkrar edin,) Əliyə “Möminlərin əmiri” ünvanı ilə salam verin və deyin: “Eşitdik və itaət etdik, Pərvərdigara! Sənin bağışlamağını istəyirik və qayıdacağımız Sənə doğrudur.” Sonra belə deyin: “Həmd-səna o Allaha məxsusdur ki, bizi bu yola hidayət etdi, əgər Allah hidayət etməsəydi, heç vaxt hidayət olunmazdıq.”

Ey insanlar! Əli ibni Əbi Talibin Allah dərgahında fəzilətləri o qədər çoxdur ki, hamısını bir məclisdə sayıb qurtara bilmərəm (Allah onları Quranda nazil etmişdir). Mərifət sahibi olan hər kəs onların barəsində sizə xəbər versə, onu təsdiqləyin.

Ey insanlar! Hər kəs Allaha, Rəsuluna, Əliyə və (adlarını) qeyd etdiyim imamlara itaət etsə, həqiqi mənada böyük qurtuluşa nail olmuşdur.

Ey insanlar! Ona beyət etmək, vilayətini qəbul etmək və “Möminlərin əmiri” ünvanı ilə ona salam vermək üçün qabağa keçənlər qurtuluşa nail olanlardır və behişt nemətlərindən bəhrələnəcəklər.

Ey insanlar! Elə bir söz deyin ki, ona görə Allah sizdən razı olsun. Əgər siz və yer üzündə olan insanların hamısı kafir olsalar, Allaha heç bir zərər çatdırmaz.

Pərvərdigara! Çatdırdığım və əmr etdiyim şeylərə görə möminləri bağışla, kafir olan inkarçılara qəzəblən! Həmd-səna yalnız Allaha məxsusdur.[2]

 


[1] “Qədirin sirləri”, Məhəmməd Baqir Ənsari, “Mövludi Kəbə” nəşriyyatı, Şeyx Təbərsinin “Ehtiac” kitabından nəqlən: 1-ci cild, səh. 55-67, Beyrut çapı

[2] “Gəncnameyi imam Əli (əleyhis-salam)” kitabından iqtibas – “Qədir və vilayət” bəhsləri

 

  179
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Fürsətlərdən istifadə edək ki, İlahi əzab gəldikdə möhlət verilməyəcəkdir
      Bakıda mübarək Ramazan ayının ilk günü və niyyət gecəsinin tarixi açıqlandı
      Pakistanda Şiə jurnalist oğurlandı daha bir Şiə isə Şəhid edildi
      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...

 
user comment